Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Tiha.az-a açıqlamasında bildirib ki, müəllimlərin sertifikasiya imtahanında topladığı balın sistemdə açıq şəkildə görünməsi və valideynlərin müəllim seçimini bu bal əsasında etməsi fikri düzgün yanaşma deyil və bu, bir sıra mənfi nəticələr doğura bilər.
Əmrah Həsənli qeyd edib ki, bu cür mexanizm ilk baxışdan şəffaflıq kimi görünsə də, əslində müəllimin nüfuzuna, məktəbdaxili əməkdaşlıq mühitinə və ümumilikdə təhsildə sosial balansın qorunmasına ziddir:
“Sertifikasiya yalnız bir göstəricidir və müəllimin ümumi peşəkarlığını tam əks etdirmir. İllərlə pedaqoji fəaliyyət göstərmiş, özünü dərsdə sübut etmiş, şagirdlərlə sağlam ünsiyyət quran bir müəllim, sadəcə bir test nəticəsinə görə valideynlərin gözündən düşə bilər. Halbuki təhsildə keyfiyyət təkcə testlə ölçülmür. Dərsə yanaşma, uşaqlara fərdi münasibət, tədris metodikası və emosional zəka – bunlar sertifikasiya balında əksini tapmayan, lakin təhsilin uğurunu müəyyən edən əsas faktorlardır.”
Ekspert hesab edir ki, bu yanaşma məktəb daxilində müəllimlər arasında qeyri-rəsmi reytinq formalaşdıraraq sağlam rəqabəti zədələyə və əməkdaşlıq mühitinə mənfi təsir göstərə bilər. Eyni zamanda, bəzi valideynlərin yalnız yüksək bal toplamış müəllimləri seçməsi siniflərdə qeyri-bərabər bölgülərə və sosial təbəqələşməyə səbəb ola bilər:
“Əgər məqsəd təhsildə keyfiyyəti artırmaqdırsa, bunun yolu müəllimlərin inkişafını təşviq etmək, onların fəaliyyətlərini dəstəkləmək və valideynlərlə məktəb arasında sağlam informasiya mübadiləsi qurmaqdır. Müəllimin test balı yox, onun real dərs fəaliyyəti, yaradıcı təşəbbüsləri və peşəkar yanaşması əsas götürülməlidir.”
Əmrah Həsənli sonda vurğulayıb ki, müəllimə olan etibar təhsil sisteminin təməlidir və bu etibar test nəticələri ilə yox, qarşılıqlı əməkdaşlıq və dəstəklə möhkəmləndirilməlidir.
