Təhsil eksperti Nadir İsrafilov tədris ilinin sonuna dair Tiha.az-a açıqlamasında təhsilin keyfiyyəti, pedaqoji münasibətlər və məktəb mühitindəki mövcud problemlər barədə əhatəli fikir bildirib.
Onun sözlərinə görə, 2024–2025-ci tədris ili də məktəblərimiz üçün arzuolunan səviyyədə başa çatmadı:
“Təəssüf ki, bu il də məktəblərimizdə təlim-tərbiyənin vəhdəti, müəllim-şagird və məktəb-valideyn münasibətləri sahəsində ciddi uğurlar əldə olunmadı. Əksinə, müəllimin məktəbdən, şagirdin sinifdən ayrı düşməsi, müəllimə inamın, məktəbə güvənin azalması kimi halların daha da dərinləşdiyini müşahidə edirik.”
Nadir İsrafilov vurğulayıb ki, məktəb-valideyn və müəllim-şagird münasibətlərində yaranan süstlük tərəfdaşlıq və əməkdaşlıq mühitinin yoxluğu ilə müşayiət olunur:
“Bu gün məktəb-ailə münasibətlərində ittihamlar üstünlük təşkil edir. Bu isə məktəbin pedaqogikadan, pedaqogikanın metodikadan ayrı düşməsinin nəticəsidir. Halbuki pedaqogika bir elm kimi insanı, daha doğrusu pedaqoji prosesi öyrənir və onun mərkəzində də məhz insan dayanır.”
Ekspert qeyd edib ki, təlim və tərbiyə haqqında yazılmış kitabların əksəriyyəti ideoloji çərçivədə yazılıb və bu sahədə əhəmiyyətli əsərlər uzun illər nəşr olunmayıb:
“Təhsil və tərbiyə sahəsində yazılmış bir çox dəyərli əsərlər pedaqoqlar, alimlər və geniş oxucu kütləsi üçün hələ də əlçatmaz olaraq qalır. Bu da müasir təhsilin zəif elmi dayaqlar üzərində formalaşmasına səbəb olur.”
Nadir İsrafilov əlavə edib ki, müxtəlif fəlsəfi cərəyanların təhsilə təsiri bu sahədə ziddiyyətli yanaşmalar yaradıb:
“Uzun illər sovet ideologiyasının təsiri altında təhsildə materiya və ya şüur, tarixdə şəxsiyyət və ya kütlə, siyasət və ya iqtisadiyyat dilemması kimi məsələlər önə çıxarılıb. Təəssüf ki, təhsildəki ciddi məsələlər bəzən yalnız terminlərin dəyişdirilməsi ilə həll olunmağa çalışılıb.”
Hazırda plüralist mühitdə müxtəlif baxışların mövcud olduğunu deyən ekspert bildirir ki, bu şəraitdə təlim və tərbiyənin əvvəlki mahiyyətini qoruması vacibdir, əks halda bu sahədə dəyər deformasiyaları qaçılmaz ola bilər.
Nadir İsrafilov təlimin təşkilində əsas rolu müəllim şəxsiyyətinin oynadığını xüsusi qeyd edib:
“Nə qədər təlimat, metodiki göstəriş olsa da, təlim-tərbiyənin keyfiyyətini müəllimin peşəkarlığı, klassik pedaqoji irsə bələdliyi və müasir tendensiyaları izləməsi müəyyən edir.”
O, qeyd edib ki, klassik maarifçilik və fəlsəfi düşüncəyə əsaslanan tədris müəllim üçün əsas yol göstəricilərdən olmalıdır. Bu mənada o, professor Səlahəddin Xəlilovun təbirini xatırladır:
“Təhsil insanlara əsrlərlə əldə olunan təcrübə və bilikləri bir neçə ilə mənimsətməyə imkan verir.”
Nadir İsrafilov Hovard Qardnerin təhsilə dair fikirlərinə də istinad edərək bildirir:
“Təhsilin əsas vəzifəsi anlamı mükəmməlləşdirməkdir. Biz şagirdlərə nəyin doğru, nəyin yanlış olduğunu anladıra bilməliyik. Bu, onların dünyanı dərk etməsinə xidmət edəcək.”
Ekspert eyni zamanda mütəfəkkirlər Maykl Oukşot, Con Gudl, Artur Şopenhauer, Martin Haydeqqer, Xuan Orteqa və Əhməd bəy Ağaoğlunun təhsil və tərbiyəyə dair fikirlərinə də diqqət çəkib. Onların fikirlərini pedaqogikanın mahiyyətinə dair ən dəyərli tezislər kimi qiymətləndirib.
Sonda o, Nobel mükafatçısı Əhməd Zevayl və filosof İmmanuil Kantın fikirləri ilə çıxışını yekunlaşdırıb:
“Zevayl deyirdi ki, dəyişməyə ən çox ehtiyac olan sahələr təhsil, bürokratiya və qanundur. Əgər bu üç sahədə dəqiq islahatlar aparılsa, xalq inkişaf yoluna çıxacaq. Kant isə belə deyirdi: ‘Əgər günlərin bir günü bizim tərbiyəmizlə yüksək varlıq məşğul olsa, onda insanın nəyə qadir olduğu məlum olar.”
