1. Müsahibələr
  2. Müsahibələr
  3. “Heydər Əliyevin qayıdışı sabitliyin əsasını qoydu” – Kəmalə İmanlı

“Heydər Əliyevin qayıdışı sabitliyin əsasını qoydu” – Kəmalə İmanlı

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədr müavini Kəmalə İmanlı Tiha .az -a açıqlamasında bildirib ki, 15 İyun Azərbaycan tarixində yalnız bir təqvim günü deyil, dövlətçiliyimizin qorunub saxlanmasında həlledici rol oynamış mühüm bir dönüş...

“Heydər Əliyevin qayıdışı sabitliyin əsasını qoydu” – Kəmalə İmanlı

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədr müavini Kəmalə İmanlı Tiha.az-a açıqlamasında bildirib ki, 15 İyun Azərbaycan tarixində yalnız bir təqvim günü deyil, dövlətçiliyimizin qorunub saxlanmasında həlledici rol oynamış mühüm bir dönüş nöqtəsidir. Onun sözlərinə görə, məhz 1993-cü ilin bu günündə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi.

Kəmalə İmanlı qeyd edib ki, o dövr Azərbaycan üçün son dərəcə çətin idi – ölkədə siyasi sabitlik yox idi, iqtisadi və hərbi böhran hökm sürürdü, Qarabağ müharibəsində ciddi itkilər verilirdi. Belə bir durumda Heydər Əliyevin hakimiyyətə gəlişi ölkə üçün əsl mənada qurtuluş oldu.

O vurğulayıb ki, bu gün təkcə siyasi liderin qayıdışı deyil, həm də xalqın öz taleyinə sahib çıxmasının, dövlətin məhv olmaqdan xilas olmasının və yeni bir gələcəyin qurulmasının başlanğıcı kimi dəyərləndirilməlidir.

Kəmalə İmanlı bildirib ki, təhsil işçiləri üçün də 15 İyun sadəcə bir tarixi hadisə yox, sabitliyin və inkişafın təməli kimi mühüm əhəmiyyət daşıyır. 1993-cü ildən sonra təhsil sahəsində struktur dəyişikliklərinə start verildi, müəllim peşəsinin nüfuzu artırıldı, maddi təminatda müsbət irəliləyişlər müşahidə olundu. Bu gün formalaşmış təhsil sisteminin əsas dayaqları məhz o dövrdə qoyuldu.

Sədr müavini həmçinin qeyd edib ki, Milli Qurtuluş Gününün mahiyyətinə uyğun olaraq, ölkənin bir çox məktəblərində bu günə həsr olunmuş açıq dərslər, müzakirələr vətənpərvərlik mövzulu tədbirlərlə müşayiət olunur. Gənc nəslin tarixi dərk etməsi, dövlətçilik şüurunun formalaşdırılması istiqamətində xüsusi proqramlar həyata keçirilir. Təhsil işçiləri də bu günün mənasını şagirdlərə izah etməklə dövlətçilik ənənələrinin yaşadılmasına öz töhfələrini verirlər.

Kəmalə İmanlı sonda vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənclər və təhsil işçiləri 15 İyunu yalnız keçmişə deyil, gələcəyə məsuliyyətli baxış günü kimi dəyərləndirməli və bu günü qürurla anmalıdır.